0

Aysel Əlizadə: Həmişə yazılarımla məhbus ailələrinə dəstək olmuşam. Bu, vətəndaş borcumdur. Özüm o dəstəyi görmədim.

Baxış: 115

“İctimai fiqur olan məhbusların ailələrinə dəstək verməyə çalışmışam, ancaq  özüm o dəstəyi görməmişəm”

Əslində sabah, yəni yanvarın 4-də azadlığa buraxılacağı gözlənilirdi. Amma əksinə, həbs müddətinin uzadılması ilə, sanki xanımına doğum günü “hədiyyəsi” etdilər. 

“Azərbaycan Avropa Hərəkatı”nın prezidenti Ramin Hacılının həbs müddətinin növbəti dəfə uzadıldığı tarixdə həyat yoldaşı, yazıçı Aysel Əlizadənin doğum günü idi.

İlk dəfə olaraq Yeni ili və doğum gününü məhbus ailəsi kimi keçirən Aysel xanım “Yeni Müsavat”a bu durumun maddi və psixoloji çətinliklərindən danışıb:

– Çox ağırdı… (kövrəlir – E.S). Raminin həbsi 4-cü dəfə uzadıldı. Sabah (bu gün) ona qoyulan sanksiyanın sonuncu günü idi, həbsdən çıxmalıydı. Bu günə (dünən) məhkəmə saldılar. Tam qanunsuz və özbaşına istintaq prosesi gedir. Əslində istintaq getmir. Çünki vəkil məhkəmədə istintaqa dair hansı işlərin aparıldığını tələb edir. Ortada heç nə yoxdu. Onu, sadəcə, həbsdə saxlayırlar. İkinci tərəfdən, istintaq Ramin bəy həbsdə olmadan da gedə bilər, bu belə olmalıdır. Dörd dəfə həbs müddətinin uzadılması nə deməkdir? Hansı cinayətdən söhbət gedir? Hətta cinayət olsa da, belə bir fakt yoxdur, prezidentin sərəncamı da var, yüngül cinayətlərə görə həbs-qətimkan tədbiri seçilməsin. Heç kim vecinə almır. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı konkret maddə var. Ümumilikdə belə ifadə edək: “Hər şeyə görə adamları tutub həbsə salmaq olmaz” deməkdi. Amma biz başqa məhkəmə və cəza prosesi görürük.
 
Aysel Əlizadə Ramin Haclı ilə birlikdə - FOTO

– Sizə bir məhbus ailəsi kimi dəstək olanlar varmı, digər məhbus ailələri ilə əlaqə saxlayırsınızmı?

– Mən həmişə mesajlarımla, yazılarımla məhbus ailələrinə dəstək olmuşam. Bu, vətəndaş borcumdur.
İctimai fiqur olan məhbusların ailələrinə, özlərinə dəstək verməyə çalışmışam. Başa düşürəm ki, bu insanların dəstəyə ehtiyac var. Ancaq özüm o dəstəyi görmədim. Bunu qaxınc kimi demirəm, siz soruşdunuz, söylədim. Biz dəyərləri müdafiə edirik, şəxsləri deyil. O adamları heç tanımıram. Amma müdafiə eləmişəm. Şəxsi baxımdan xoşuma gəlməyəni də olub, amma vətəndaş kimi dəstək vermişəm.
Üstəlik, söhbət Ramin Hacılıdan gedir, hansısa quldurdan yox. Onu içəridə haqsız və ədalətsiz şəkildə saxlayırlar.

– Hüquqi prosedur necə gedir?

– Hazırda vəkil dostlarımız var, onlar çalışırlar ki, bu işin qondarma olduğunu isbatlasınlar. Mən bütün orqanlara yazmışam, heç bir reaksiya verməyiblər.

“Ramin həbsdə də yaxşı həyat yoldaşıdır”
– Dolanışıq, maddi baxımdan üzləşdiyiniz çətinlikləri necə üstələyirsiz?

– Evin qazanc gətirəni Ramin Hacılı idi. Mənim də etdiyim tərcümələrdən, yazılarımdan gələn qonorar müəyyən dəstək olub. Yenə də problem deyil, öhdəsindən gəlmişik, gəlirik. Dostlarım, əzizlərim yanımdadı. Ramin həbs olunanda mənə konkret dedi, kimsənin qəbuluna getmə, mənə görə xahiş etmə, zəif görünmə, vəssalam. Amma əlimi-qolumu sallayıb otura da bilməzdim. Bir neçə qəbulda oldum, hər yerə şikayətlər yazdım. Amma özümü zəif göstərib kimisə sevindirmədim. Zəif görünməyim kimisə sevindirəcəksə…
Ramin həmişə deyir ki, əsas uşaqdır, dərsləri ilə maraqlan, vaxtını ona ayır. Ramin Hacılı həbsdə də yaxşı həyat yoldaşıdır. O, özü ilə məşğul olmur, yalnız bizdən dolayı narahatlıq keçirir.

“Məndən hay-küy gözləyən adamlar var ki…” 

– Belə vəziyyətdə yaradıcılıqla məşğul olmaq mümkündürmü? 

– Bu il şeirlər kitabım çap olunacaq. Bir kitabım Türkiyədə çap ediləcək. Daha iki kitabım artıq hazırdır, nəşriyyata hələ təqdim etməmişəm.
Müəyyən planlarım var. Saytımla məşğul olmağa gücüm çatmadı, çox gərgin idim. Səhhətimdə ciddi problemlər yaranıb. Buna baxmayaraq, “İmza günü” də keçirdim. Bütün bunlar da dostların, mənə sevgisi, sayğısı olanların təşəbbüsü ilə oldu. Onlardan çoxlu dəstək gördüm, məni tək qoymadılar.

Raminlə tanımadığım dostları maraqlanırlar. Elə bir situasiyadır ki, adam bilmir nə desin. Mən həmişə etik qaydaları gözləmişəm, saç-baş yolmaq tərəfdarı deyiləm. Ona görə də məndən hay-küy gözləyənləri bir az çətin anlayıram. Təbii, insanın bir hədd nöqtəsi var, onu keçəndə partlaya bilər. Bundan sonra necə davranacam, nə deyəcəyəm, bilmirəm.
Söhbət mənə qiymətli bir insanın haqsız yerə həbsindən gedir.

– Müraciət etdiyiniz rəsmi qurumlardan heç biri sizə cavab vermir?

– Bu 7 ay ərzində müraciət etmədiyimiz orqan qalmayıb. Arabir cavab yazırlar. Məsələn, aylar öncəki məktubun cavabını təzə göndəriblər.
O baxımdan gediş göstərir ki, mütləq mənada iş Avropa Məhkəməsinə gedəcək. Raminin 35 yaşı bitir, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə belə şərait yaradılmır. Ailəsinə notariat qaydada etibarnamə verilməsinə icazə vermirlər. Yeddi aydır telefonları əsas gətirilmədən müstəntiqdədir, qaytarmır. Tam özbaşınalıq.


“Ramin insanlara kömək etməyinin cəzasını çəkir”

– Hər halda, günün birində Ramin Hacılı azadlığa çıxacaq, ondan sonra ölkədən getməyi düşünürsünüzmü?

– Bütün bu cəhdlər bizim kimi adamları ölkədən çıxarmağa yönəlib. Amma bu komfortu onlara vermərik.

– Yazı adamının yaradıcılığına bu hadisələr necə təsir edir?

– Bir az təpki gücün, dayanıqlığın artır. Bəzi şeyləri anında yaza bilməsən də, ruhsal durumun buna imkan verməsə də, zamanı gələcək, onların hamısı yazılacaq.

Mən bir yazıçı kimi hüquq sisteminin dibə çöküşü necə ola bilər, onu gördüm. Dünya yazıçılarının əsərlərində belə detallar, mövzular çoxdu.
Raminin həbsi və 7 ayda gördüklərim mənə yazıçı kimi yeni mövzular səhifəsi açdı. Ölkədə hüquq sisteminin nə qədər bərbad olduğunu gördüm. Bu sistemin insanların taleyinə necə təsir etdiyinə şahid oldum. Tək Ramin deyil, hazırda həbsdə nə qədər şərlənmiş, günahsız insan var.
Hətta yazıb-oxuya bilməyənlər var ki, Ramin onlara kömək edir, ərizələrini yazır, orada da köməyini əsirgəmir. Elə bu gün bir az da insanlara kömək etməyinin cəzasını çəkir.

Azerbaycanrealligi.com





MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz