0

Əfvə düşən Çin vətəndaşının cinayət tarixçəsi - FOTOLAR

Baxış: 42

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. 431 məhkuma şamil edilən əfv sərəncamı ilə azad olunanlar arasında xarici ölkə vətəndaşları da var. Onlardan biri 1981-ci il təvəllüdlü Çin Xalq Respublikasının vətəndaşı Xu Zhengpingdir.

Press-az.com  məlumatına görə, hazırda 38 yaşı olan Xu Zhengping digər həmyerliləri ilə birlikdə qrup halında Bakıda bank sektoruna qarşı kibercinayətlər törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 14 may tarixli hökmü ilə həbs olunub.

Belə ki, 5 il əvvəl Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ölkəmizin bank sektoruna qarşı kibercinayətlər törətməkdə təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib

Çin Xalq Respublikasının vətəndaşları - Zhang Jianquan, Zhong Hailing, Xu Zhengping və Zeng Huihui xüsusi alət və vasitələr, eləcə də mikrosxemlər, video çəkiliş aparatları, yaddaş kartları və digər ləvazimatlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bankomatlarına müdaxilə ediblər.

İstintaq araşdırmaları nəticəsində məlum olub ki, 2013-cü ilin yay aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilə edərək külli miqdarda pul mənimsəməyə cəhd göstəriblər.

Onlar Nərimanov rayonunun Təbriz küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankının bankomat aparatlarına gizli videokameralar yerləşdiriblər. Bu yolla müştərilərə məxsus kartların PİN kodları öyrənilib. Bankomatların kart oxuyucu hissəsinə xüsusi hazırlanmış “skimmer” qurğusu quraşdırılıb. Onlar bu üsulla müştərilərin bank kartlarındakı maqnit xəttində saxlanılan zəruri məlumatları oğurlamağa cəhd ediblər.

Qrup üzvləri saxlanıldıqdan sonra müəyyən olunub ki, onlar bu yolla təxminən 3634 nəfər müştərinin bankomat kartlarını qeydiyyata alıblar. Lakin bu müştərilərdən yalnız 21 nəfərin kartı tam oxunub, PİN kodu öyrənilib.

Saxlanılan şəxslər etiraf ediblər ki, kart məlumatları tam öyrənildikdən sonra Çin Xalq Respublikasına qayıdaraq müştərilərin hesabındakı pulları asanlıqla mənimsəyəcəklərmiş. Beləliklə, ilkin mərhələdə kart məlumatları tam öyrənilmiş 21 nəfər şəxsin hesabındakı 24 539 manat pul gizli yolla talanmalı imiş.

Lakin Nərimanov polisinin xüsusi peşəkarlıqla həyata keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı alınıb.

Onların qaldığı Nərimanov rayonu ərazisindəki “Ariva” mehmanxanasına baxış zamanı video qurğular, yaddaş kartları, mikrosxemlər, “skimmer” aparatları, digər alət və vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq yolu ilə daha sonra müəyyən olunub ki, qrup üzvləri xeyli sayda vətəndaşa məxsus bankomat kartının məlumatlarını ələ keçirməklə, eləcə də bankomat aparatlarını zədələməklə Azərbaycan Beynəlxalq Bankına 14 196 manat ziyan vurublar. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz