sitename
0

İlahiyyatçı Taleh Bağırzadənin xanımı ilə bağlı qalmaqal – Rəsmi açıqlama

Baxış: 398

İlahiyyatçı Taleh Bağırzadənin xanımı ilə bağlı qalmaqal – Rəsmi açıqlama

Penitensiar Xidmət Qobustan həbsxanasında cəza çəkən ilahiyyatçı Taleh Bağırovzadənin (Bağırov) həyat yoldaşı Leyla İsmayılzadə barədə məlumat yayıb.

Məlumatda deyilir ki, L.İsmayılzadə martın 21-də üç övladı ilə birlikdə həbsxanaya həyat yoldaşının yanına gedərkən uşaq oyuncaqlarının arasından mobil telefon və danışıq kartı aşkarlanıb: “Hazırda Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş xanımı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilmişdir”.

Həbsxana

Penitensiar Xidmətdən bildirilib ki, bununla əlaqədar araşdırmalar aparılır.

Məlumatı dəqiqləşdirmək üçün L.İsmayılzadənin özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri Bizimyol.info-ya bildiriblər ki, o, həyat yoldaşı ilə qısamüddətli yox, uzunmüddətli görüşə gedib və hələ də övladları ilə birlikdə həbsxanadadır. Bu səbəbdən onun telefonu qapalıdır.

T.Bağırova aparılan sovqat və əşyaların arasından mobil telefon tapılmasına gəlincə, yaxınları bunu L.İsmayılzadənin telefon keçirmək cəhdi kimi qiymətləndirilməsini düzgün saymır.

“Üçgünlük görüşə gedəndə Talehin kiçik oğlu Abbasın oyuncaqlarını da aparırlar ki, bu müddətdə orada oynaya bilsin. O telefon da uşağın babasının köhnə telefonudur. Ondan oyun oynamaq, yəni oyuncaq kimi istifadə edirdi. Atırdı o biri oyuncaqlarının arasına. Penitensiar Xidmətin məlumatında da yazılıb ki, uşağın oyuncaq çantasında olub. Uşaqdı atıb, Leyla da fikir verməyib. Leyla İsmayılzadə bilərəkdən heç vaxt belə səhv eləməz. Birincisi, özü istəməz, ikincisi də bilir ki, Talehin yanına gələnləri necə yoxlayırlar”,- deyə T.Bağırovun ailə üzvləri Bizimyol.info-ya bildiriblər.

T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsində daha 17 nəfərlə birlikdə mühakimə edilib və qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla təqsirli bilinərək, 20 il azadlıqdan məhrum olunub. Lakin o, özünü təqsirli bilmir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz