0

“Məhsəti” romanı işıq üzü gördü

Baxış: 103
“Məhsəti” romanı işıq üzü gördü

Yazıçı Cavi Danın “Məhsəti” adlı yeni romanı çap olunub. Əsər Azərbaycanın ilk xanım şairi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Roman 12-ci əsrin tanınmış Şərq mütəfəkkiri və xeyriyyəçisi haqqında ilk irihəcmli bədii əsərdir. Roman üzərində bir il çalışdığını deyən Cavi Dan, Məhsəti haqqında əsər yazmağın təsadüf olmadığını deyir: “ Məhsəti Gəncəvi öz dövrü üçün çox müasir və fərqli xanım olub. Azərbaycanın ilk şair, musiqiçi, şahmatçı və dövrünün mükəmməl təhsilini almış qadındır. Bütün bildiklərini tədris etdiyi şəxsi məktəbi olub. Belə bir xanım haqqında çox az məlumat var. Məhsəti haqqında yazmaq ədəbiyyatımızda qadın xəttini öyrənməyə mənə kömək oldu. Bu gün Azərbaycanda ədəbiyyat sahəsində olan hər bir qadının ilk ustadı məhz Məhsəti Gəncəvidir”.
Romanda Məhsətinin Nigar Rəfibəylinin tərcümə etdiyi rübailərindən və Rafael Hüseynovun "Məhsəti necə varsa" kitabındakı məlumatlardan, xüsusən də "Əmir Əhməd və Məhsəti" dastanının süjet xəttindən istifadə olunub.
Tarixi janrda olan əsərdə Məhsətinin həyatından, onun keşməkeşli və təzadlı ömür yolundan danışılır. “Məhsəti” müəmma haləsinə bürünmüş qeyri-adi qadın taleyindən bəhs edir.
 Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.
Qeyd edək ki, bu, Cavi Danın sayca dördüncü kitabıdır. Yazıçı eyni zamanda Azərbaycanda və Öbəkistanda nümayiş etdirilən "Günəşim ol" və "Uçurum" teleseriallarının ssenari və süjet müəllifidir.
Cavidan hazırda İmadəddin Nəsimiyə həsr etdiyi “Şəms” romanı üzərində çalışır. Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz