0

AEROPORTDA MONOPOLİYA? – “DÖVLƏT QURUMLARININ SAHİBKARLIQLA MƏŞĞUL OLMASI YOLVERİLMƏZDİR”

Baxış: 113
AEROPORTDA MONOPOLİYA? – “DÖVLƏT QURUMLARININ SAHİBKARLIQLA MƏŞĞUL OLMASI YOLVERİLMƏZDİR”

Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidmətini yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC göstərəcək. Nazirlik bunun aeroportda qayda-qanun yaratmaq və paytaxta gələn şəxslərə yaxşı xidmət göstərmək məqsədilə edildiyini desə də, bəzi ekspertlər bunu dövlətin bazar qaydalarına müdaxiləsi kimi səciyyələndirirlər.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli dövlət strukturlarının MMC adı altında sahibkarlıq və ya təsərrüfat fəaliyyəti ilə məşğul olmasının yolverilməz olduğunu, digər taksi şirkətlərinin sürücülərinə qarşı tətbiq olunan məhdudiyyətlərin monopoliyaya şərait yaratmaq olduğunu bildirib:

“Rəqabət qanunvericiliyinə görə əgər özəl sektorda bu fəaliyyət növü varsa və dövlət özəl sektoru tanıyırsa, dövlət qurumlarının özünün bu sahədə fəaliyyət göstərməsi rəsmən qadağandır. Yəni, müxtəlif nazirliklərin MMC adı altında şirkətlər yaradıb təsərrüfat fəaliyyəti ilə məşğul olması bazar iqtisadiyyatının fəlsəfəsinə ziddir, eyni zamanda bizim qanunvericiliyimizdə də qadağan olunub. Ona görə nazirliklər birbaşa şəkildə yox, qanunvericiliyin boşluğundan istifadə edərək müxtəlif MMC-lər yaradıb, əslində yanlış fəaliyyətlə məşğul olurlar. Nəticə etibarilə onlar monopoliya metodları ilə bu sahədə fəaliyyət göstərən digər sahibkarları da bazardan sıxışdırıb çıxarırlar. Əgər məntiqlə bir sahədə özəl sektorun çalışmasına icazə verilirsə, dövlətin o sahədə maraqları nədən ibarətdir?! Niyə dövlət qanunla qadağan olunmasına baxmayaraq, təsərrüfat fəaliyyətinə müdaxilə edir?! Bu da həmin qurumların rəhbərlərinin şəxsi biznesi anlamına gəlir və Azərbaycan reallığında bu şirkətlər dövlət büdcəsindən müxtəlif yollarla dotasiyalar alır, dövlət büdcəsi hesabına öz vəsaitlərini yeniləyirlər.

Müxtəlif jurnalist araşdırmaları onu göstərir ki, belə təsərrüfat subyektlərinin biznes fəaliyyətləri həm zərərlə işləyir, həm vergidən yayınır, həm də dövlət strukturlarının adı ilə klassik monopoliya yaradırlar. Aeroportdakı vəziyyət də həmin addımlardan biridir. Düzdür, bu addım qulağa xoş gələn sözlərlə bəzədilə bilər. Məsələn, yaxşı xidmətdir və s. Əslində yaxşı xidməti və optimal qiyməti bazar özü müəyyən etməlidir. Dövlət tərəfindən isə sadəcə müəyyən standartlar tətbiq edilə bilərdi ki, taksi şirkətləri həmin standartlara uyğun fəaliyyət göstərsinlər. Belə olan halda rəqabət yaranardı, bir şirkət digərindən daha yaxşı xidmət göstərərdi və beləliklə bazarda normal vəziyyət formalaşardı. Yeganə sahə idi ki, bir neçə ildə bu sahədə taksi fəaliyyəti ilə məşğul olan şirkətlər çoxalmışdı və qiymət optimallaşmışdı. İndi isə bir neçə ildir aeroportda qeyri-rəsmi şəkildə tətbiq olunan məhdudlaşdırmaları artıq rəsmiləşdiriblər. Mən bunu mənfi addım hesab edirəm. Dünyanın hər bir ölkəsində transport, daşıma özəl şirkətlər tərəfindən həyata keçirilir. Dövlət strukturların müxtəlif sahələrdə MMC adı altında fəaliyyət göstərməsi kökündən yanlış addımdır və hesab edirəm ki, bu, bizim vergi ödəyicilərinin ödədikləri vəsaitlərin qeyri-səmərəli şəkildə istifadə olunmasıdır”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bu addımı təqdirəlayiq hal hesab etdiyini deyir. O, çoxdandır aeroportda vəziyyətin bərbad olduğunu və oradakı xaosun qarşısını almaq üçün başqa yolun olmadığını bildirib:

“Bu əslində təqdir olunası bir haldır. Çünki dünyanın hər yerində beynəlxalq hava limanlarında yalnız vahid taksi şirkəti fəaliyyət göstərir və bu, Azərbaycanda da tətbiq olunmalı idi. Oradakı xaosun qarşısını başqa cür almaq mümkün deyildi. Qiymətlər də münasibdir. Əvvəldən zəng vurub sifariş də vermək olur, xidmətin də keyfiyyəti yaxşıdır və s. Əslində belə bir xidmətin yaradılması təqdir edilməlidir. Mən burda pis nəsə görmürəm və ona görə də bu cür strateji ərazilərdə normal xidmətin təşkil edilməsi vacibdir. Dünyanın bütün ölkələrində belədir. Çox uzağa getməyək, Naxçıvanın özündə vahid taksi şirkəti fəaliyyət göstərir və aeroportda da biz həmin taksiləri görürük. Yəni, başqa taksilər ora buraxılmır. Orada standartlara uyğun olan rəngdə, qrafikada, vahid geyim formasında olan sürücülərin idarə etdiyi taksilər fəaliyyət göstərir. Burda da belə olmalıdır. London taksilərinə qarşı da bir az aqressiv olmaq lazım deyil. Çünki nə qədər avtomobil ölkəyə gətirilib və həmin avtomobillər gündəlik nə qədər plan ödəyirlər. Əksəriyyəti “Meyvəli” tərəfdə çürüyüb qalır. Ümumiyyətlə avtovağzallarda, hava limanlarında, dəmiryol vağzallarında taksi xidmətinin müəyyən qaydalar daxilində fəaliyyət göstərməsi arzuolunandır. Çünki bu, olmayanda xaos yaranır, müştərilər aldadılır, başqa-başqa ölkələrdən gələn turistlər fırıldaqçılığa məruz qalır. Burda vahid tarif sistemi yaratmaq, sürücülərin dil biliklərini artırmaq, müştəri ilə nəzakətlə davranış qaydalarını öyrətmək ümumi işin xeyrinə olacaq. Bəzi sürücülərin oradan çıxarılmasını da sürücülərin özləri istəyib. Bu qədər biabırçılıq yaratmaq olmazdı. 10 manatlıq yolu 60-70 manata aparanda, bilməli idilər ki, axırı belə olacaq”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Qaynarinfo-ya açıqlamasında digər taksilərin terminalın qarşısına buraxılmayacağını, lakin avtomobillər üçün nəzərdə tutulmuş yerdən müştəri götürə biləcəklərini qeyd edib:

“Bakı Taksi Xidməti” MMC-nin taksiləri terminalların önündə dayanacaq. Digər taksi şirkətinin maşınları necə ki, başqa avtobillər keçirlər, o qaydada aeroportun ərazisinə daxil ola biləcəklər. Hava limanının ərazisinə girişə qadağa qoyulmayıb, belə qadağadan söhbət gedə bilməz. Sadəcə həmin taksi sürücüləri terminalın önündə dayanaraq, aeroport binasından çıxan sərnişinlərin üzərinə gedib, onları istədikləri yüksək məbləğə öz taksilərinə yönləndirə bilməyəcəklər”.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz