sitename
0

Azərbaycanın dostu Netanyahunun planlarını necə pozdu

Baxış: 1 060
Azərbaycan – İsrail əlaqələri həmişə gündəmdə olub və bu əlaqələr ölkəmiz müstəqillik qazanandan sonra daha üst mərhələyə çıxıb. Heç şübhəsiz İsraildə baş verənlər Bakıda da diqqətlə izlənilir.

 

Belə ki, aprelin 9-da keçirilən İsraildə keçirilən parlament seçkilərindən sonra İsrail prezidenti baş nazir Benyamin Netanyahuya yeni hökumət qurmağı tapşırıb və ona verilən vaxt ötən gecə başa çatıb. Nəticədə İsrail tarixində bir ilk yaşanıb. İsrail qurulandan, yəni 1948-ci ildən bəri ilk dəfə bu ölkədə təyin olunan Baş nazir – Benyamin Netanyahu hökumət qurmaq üçün koalisiya yarada bilməyib.

Netanyahu niyə koalisiya qura bilmədi?

Əslində hər şey elə Netanyahunun istədiyi kimi gedirdi. Noyabrın 18-də Azərbaycanın böyük dostu kimi tanınan müdafiə naziri Aviqdor Libermanın Qəza sektorunda atəşkəsin elan olunmasına görə istefasından sonra bu ilin aprel ayında növbədənkənar parlament seçkilərində "Likud" partiyası cüzi üstünlük əldə etmiş, onun lideri Benyamin Netanyahu isə hökumət formalaşdırmaq şansı qazanmışdı. Ekspertlərin əksəriyyəti də onun bu işin öhdəsindən gələcəyini düşünürdü. Lakin seçicilərinin 26,46%-nin səsini, başqa sözlə İsrail parlamenti – 120 yerlik Knessetdə 35 mandat qazanan Netanyahu bir ay ərzində sağçı partiya nümayəndələri ilə razılığa gələ bilməyib.

Danışıqların dalana dirənməsinə səbəb isə dini müəssisələrində təhsil alan ultra ortodoksal yəhudi tələbələr üçün güzəştləri tənzimləyən hərbi mükəlləfiyyətlər haqqında qanuna dair razılığın əldə olunmamasıdır.

Razılığın əldə olunmamasından sonra İsrail parlamenti yenidən - yəni bu il ərzində ikinci dəfə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib. Sentyabrın 17-də İsraildə yenidən parlament seçkiləri keçiriləcək.

 

Netanyahu məğlubdur, ya qalib?

İsraildə ilkin növbədənkənar parlament seçkilərinin keçirilməsinin səbəbi sabiq müdafiə naziri Aviqdor Libermanın ötən ilin noyabrın 18-də Qəzzada atəşkəs rejiminin elan olunmasından sonra istefa verməsi oldu. Liberman Qəzza sektorunda atəşkəs elan edilməsini və bununla paralel vəziyyəti nizamlamaya cəhd göstərilməsini terror qarşısında təslim olmaq kimi dəyərləndirmişdi. Belə ki, bu istefadan sonra onun rəhbərlik etdiyi "Bizim Ev İsrail" partiyası "Likud"la formalaşmış olduğu koalisiyadan ayrıldı. Nəticədə İsraildə növbədənkənar parlament seçkiləri elan olundu. Seçkilərə qədər isə İsrail Baş Naziri Benyamin Netanyahu, həm də ölkənin müdafiə naziri səlahiyyətlərinin icrasına başladı.

Növbədənkənar parlament seçkilərindən sonra isə koalisiya qurmaq məsələsində yenidən Aviqdor Libermanın dəstəyinə ehtiyac yarandı. Lakin cənab Libermanın rəhbəri olduğu "Bizim Ev İsrail" koalisiya yaranması üçün bu birliyə ultra ortodoksal yəhudi partiyalarının da cəlb olunması şərtini irəli sürdü. Lakin bu İsrailin Baş nazirinin planlarına uyğun gəlmirdi.

Benyamin Netanyahu son anda postları təklif edərək solçularla koalisiyaya qurmağa cəhd etsə də onun bu təklifi solçu partiyalar tərəfindən rədd edildi.

Bu isə Netanyahunun planlarına uyğun gəlmirdi. O, İsrail prezidenti Reuven Rivlinin hökuməti qurmaq üçün digər parlament üzvünü seçməməsi üçün yeni seçkilərin keçirilməsində israr edirdi. Görünün odur ki, İsrail tarixində ən uzun müddət ərzində Baş nazir olan Netanyahu öz istəyinə çatdı.

 

Bundan sonra nə olacaq?

Hələ ki İsrail tarixində indiyə qədər heç bir partiya 120 yerlik Knessetdə çoxluq qazanaraq hakimiyyətə gəlməyib. Bu ölkədə həmişə hakimiyyətdə koalisiya hökuməti olub. Bu isə o anlama gəlir ki, İsraildə əsas olan seçkilərdə qalib gəlmək yox, koalisiya qurmaq bacarığıdır. İsraildə sentyabrda keçiriləcək parlament seçkilərində partiyaların öz mövqelərində kəskin dəyişiklik gözlənilmir. Son seçkilər onsuz da Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası üçün çox gərgin keçmiş və indiyə qədər ən güclü rəqabətlə qarşılaşmışdı. Onun əsas rəqibi İsrail ordusunun sabiq qərargah rəisi Benni Qantzən rəhbərlik etdiyi "Kahol Lavan" (Göy və Ağ) partiyası da Knessetdə 35 səs toplamış və yalnız 0,33% az səs az yığaraq "Likud"-a məğlub olmuşdu. Sentyabra qədər İsrail Baş Naziri olaraq qalacaq Benyamin Netanyahunun işini çətinləşdirən amillərdən biri də İsraildə onun haqqında varlı biznesmenlərdən hədiyyə alması və nüfuzundan istifadə edərək mətbuata təsir etməyə dair aparılan araşdırmalardır. Hər nə qədər cənab Netanyahu günahsız olduğunu bildirsə də ona qarşı rəsmi ittiham irəli sürülürsə İsrailin Ali Məhkəməsi onun istefaya gedib-getməməsi barədə qərar verə bilər. Görünən odur ki, bu yay İsraildə, İsrail siyasi arenasında bu yay həm birbaşa, həm də sözün məcazi mənasında isti keçəcək.

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz