sitename
0

Azərbaycanlılar İranı seçir – Niyəsi də bəllidir

Baxış: 1 576

Ekspert: "İranda rial ucuzlaşdığı üçün alış-veriş etmək, kiçik və orta həcmdə məhsulların gətirilməsi çox sərfəli hala gəlib"

 Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1 milyon 636,4 min nəfər olub. Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiyaya, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib.

 

Maraqlıdır, bəs Azərbaycan vətəndaşları İrana nə üçün çox səfər ediblər?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkə vətəndaşlarının İrana daha çox səfər etməsinin 2 səbəbi ola bilər: "Birinci səbəb İranda rialın çox kəskin şəkildə dəyərdən düşməsidir. İran milli valyutasının dəyərdən düşməsi bu ölkədən alış-veriş etməyi çox sərfəli hala gətirib. Çünki Azərbaycanın milli valyutası sabitdir və 2 ilə yaxındır ki, məzənnə dəyişmir. Amma İranda məzənnə tez-tez dəyişdiyi üçün, rial ucuzlaşdığı üçün alış-veriş etmək, biznes əlaqələri qurmaq, kiçik və orta həcmdə məhsulların gətirilməsi çox sərfəli hala gəlib. Ona görə də azərbaycanlıların əsasən də sərhədyanı bölgələrdə yaşayan azərbaycanlıların İrana gediş-gəlişində artım müşahidə olunub".

"İkinci səbəb də dolayısı ilə rialın dəyərdən düşməsi ilə bağlıdır, amma daha çox tibbi istiqamətdir. İranda qiymətlər xeyli düşüb. Həm əməliyyat xərcləri, həm də müalicə xərcləri manat ilə hesablayanda aşağı düşüb. Bu da müalicə və əməliyyat üçün İrana gedən azərbaycanlıların sayında artıma səbəb olub" – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Gürcüstanda da sərhədyanı ticarətin önəmi var: "Sərhədyanı ərazidə yaşayan və kiçik sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşları Gürcüstan tərəfi ilə artıq illərdir oturuşmuş əlaqələr qurublar. Ona görə də xırda sahibkarlıq, kiçik alver nöqteyi-nəzərdən sərhədyanı zonada yaşayanlar Gürcüstana tez-tez səfər edirlər".

 

Ekspertin fikrincə, Gürcüstana səfər etməyin ikinci səbəbi isə turizm ilə bağlıdır: "Əylənmək, dincəlmək üçün coğrafi baxımdan ən yaxın ölkə Gürcüstandır. Gürcüstanda qiymətlər də münasibdir, amma deməzdim ki, ucuzdur. Çünki son illər Gürcüstana turist axınının çoxalması qiymətlərə kifayət qədər ciddi təsir göstərib və son 3 ildə bu ölkədə qiymətlər bahalaşıb. Amma hələ də qiymətlər məqbuldur. Gürcüstan azərbaycanlıların logistik olaraq çox ucuz qiymətə gedə biləcəyi bir ölkədir. 15 manata avtobusla Tbilisiyə səyahət etmək mümkündür. Ona görə azərbaycanlıların bu ölkəyə marağı artır".

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Azərbaycandan xaricə səfər edənlər, ölkəyə gələnlərdən çox olub.

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz