sitename
0

Genaralın ailəsinin Almaniyaya qaçırılmasına görə prokuror cəza istədi

Baxış: 1 135

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general Emin Şəkinskinin həyat yoldaşı Gülnarə Şəkinskaya və dörd uşağının Azərbaycandan saxta sənədlərlə qaçırılmasına görə aparılan məhkəmə araşdırmaları başa çatıb. Bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan generalın qaynı – G.Şəkinskayanın qardaşı Fərid Yusubdur.

Bizimyol.info xəbər verir ki, F.Yusub bacısı və uşaqlarının ölkədən qaçması üçün G.Şəkinskayaya təlimatlar verməkdə, həmçinin generalın 60 min manatını oğurlamaqda ittiham olunur. Prokuror bu ittihamın sübuta yetirildiyini bildirib və F.Yusubun 5 il 8 ay azadlıqdan məhrum edilməsini istəyib.

F.Yusub CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 318.2 (dövlət sərhədini qanunsuz keçmə) və 320-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. O, özünü təqsirli bilmir.

Bildirir ki, 2008-ci ildə Azərbaycanı tərk edib və 2014-cü ildə bacısıgil xaricə gedəndə də ölkədə olmayıb. F.Yusubun sözlərinə görə, bacısı Gülnarə 1998-ci ildə E.Şəkinski ilə ailə həyatı qurub, 2008-ci ildə isə rəsmi qaydada ayrılıblar. Heç vaxt bacısının ailə işlərinə qarışmayıb: “İttiham əsassızdır. Bacım uşaqlarını da götürüb ölkəni tərk etmək haqqında mənə heç nə deməyib. Oğurlandığı iddia edilən 60 min bacımın evində olub. O pulun Emin Şəkinskiyə aidiyyəti yoxdur. Bacımın pulu olub, istifadə edib”.

Bu olayla əlaqədar bundan əvvəl 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bir neçə nəfərə 8 ilə qədər həbs, qalanlarına şərti cəza verilib. Ali Məhkəmə oğurluq ittihamıyla onlara bəraət verib.

“Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri, hüquqşünas Əlövsət Əliyev də bu iş üzrə təqsirləndirilən şəxslərdəndir. Amma o, ölkəni tərk etdiyinə görə beynəlxalq axtarışa verilib. Ə.Əliyev hazırda Almaniyada yaşayır.

Generalın ailə üzvləri də ölkədən qaçandan sonra Almaniyada sığınacaq alıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz