sitename
0

ÖLKƏNİN ELMİ POTENSİALINA SANBALLI TÖHFƏLƏR

Baxış: 119

ÖLKƏNİN ELMİ POTENSİALINA SANBALLI TÖHFƏLƏR

Ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamına əsasən, təsis edilən Elm Günü ölkənin ikinci elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində, universitetlərdə, elmi-tədqiqat institutlarında geniş qeyd olunur.
Ölkəmizdə elmin inkişafı dövlət siyasətinin, milli quruculuq strategiyasının prioritetlərindən biridir. Dövlətimizin dinamik inkişafı, siyasi və iqtisadi, hərbi qüdrəti onun elmi potensialı ilə birbaşa bağlıdır. Bu gün davamlı inkişaf strategiyası, habelə müasir dünyamızda baş verən iqtisadi-siyasi problemlər yalnız elmi əsaslarla həll oluna bilər. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və ölkəmizin dinamik inkişafı naminə 70-ci illərdən etibarən elmimizə, təhsilimizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Şərqin ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində 1980-ci ildə ulu öndərin qərarı ilə Elmlər Akademiyasının Elmi Mərkəzi yaradılmış və onun xeyir-duası ilə mayın 28-də fəaliyyətə başlamışdır. 
Ümumən, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində keyfiyyətcə yeni mərhələyə daxil olmuş, regionlarda mövcud olan problemlərin strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında əhəmiyyətli rol oynamış, ölkəmizin elmi kadrlarla təmin olunmasına sanballı töhfələr vermişdir. Gəncə şəhəri tarixən qocaman Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hələ X əsrdən başlayaraq burada görkəmli tarixi şəxsiyyətlər, mütəfəkkirlər, dövlət xadimləri fəaliyyət göstərmişlər ki, bunlara da ancaq o vaxt nail olmaq mümkündür ki, görkəmli müəllimlər, zəngin kitabxanalar və mədrəsələr mövcud olsun.
“Nüzhətül-Məcalis” monoqrafiyasına nəzər saldıqda X-XIII əsrlərdə Gəncədə yaşamış və müxtəlif səpkidə yaradıcılığı ilə fərqlənmiş otuzdan artıq görkəmli poeziya ustadının əsərləri verilmişdir. Yalnız Nizami Gəncəvi, Məhsəti Gəncəvi yaradıcılığını qeyd etməklə deyil, bu bölgənin tarixi köklərini araşdırdıqda bu torpağın nələrə qadir olduğunu əyani şəkildə görürük. Təsadüfi deyil ki, dünyanın görkəmli şərqşünasları, alimləri, mütəfəkkirləri Nizami yaradıcılığı ilə tanış olduqda onu dünya ədəbiyyatının “Sönməz Günəşi” adlandırırlar. 
Avropada qadınlar poeziya, musiqi yaradıcılığı ilə məşğul olmadıqları, şahmat taxtası arxasında oturmadıqları halda, Məhsəti Gəncəvi bir qism xanımlarla rübailəri əsasında mahnılar bəstələyir və qədim musiqi alətlərində ifa edirdilər. 
Bunlarla bərabər, orta əsrlər dövrünün görkəmli ədəbiyyat və elm xadimləri olan Qivami Gəncəvi, Əbül-Üla Gəncəvi, Rəşid Gəncəvi, Ömər Gənci, Rəziyə xanım Gəncəvi, Siti Gəncəvi və digərləri öz dövrünün tanınmış mütəfəkkirləri olmaqla yanaşı, xalqımızın dərin milli-mənəvi köklərini sübut edir. 
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Gəncədə yaradılan beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə indiyədək yeddi dəfə keçirilən Beynəlxalq Bakı Humanitar forumlarında bir çox görkəmli dövlət xadimləri, şərqşünas alimlər, Nobel mükafatçıları Nizami Gəncəvinin nuruna toplaşaraq ölkəmizin qədim tarixi, elmi, mədəniyyəti ilə tanış olur, dünyanı düşündürən məsələlər barədə öz dəyərli fikirlərini bildirirlər. Uzun əsrlərdən bəri tarixi prosesləri nəzərdən keçirdikdə, dövründən və vaxtından asılı olaraq xalqımızın tərəqqi və tənəzzül etməsinə baxmayaraq, Gəncə şəhəri minilliklər boyu öz görkəmli şəxsiyyətləri, mütəfəkkirləri ilə tanınmışdır. 
Şərqlə Qərbi öz yaradıcılığı və nəğmələri ilə birləşdirən Mirzə Şəfi Vazeh Gəncədə Şah Abbas məscidində təhsil almış, fəaliyyət göstərmiş, sonralar Qori Seminariyasına dəvət edilmiş və burada bir çox görkəmli müəllim və alimlərlə, o cümlədən onun sonrakı taleyində böyük rol oynamış alman tədqiqatçısı Fridrix Bodenştedtlə tanış olmuşdur.
Mirzə Şəfi Vazeh hələ Şah Abbas məscid-mədrəsəsində fəaliyyət göstərərkən burada məktəb yaratmışdır. Həmin məktəbin müdavimləri sırasında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov, XIX əsrin görkəmli ədibləri Mirzə Abbas Xaki, Mirzə Fazil Şeyda kimi görkəmli şəxsiyyətlər yetişmişlər. Gəncə ədəbi, elmi, mədəni mühiti o qədər zəngin olmuşdur ki, burada Mirzə Şəfi Vazehin rəhbərliyi ilə “Divani-Hikmət” elmi-ədəbi məclisi yaradılmışdır. Bu məclisin fəaliyyəti uzun illər davam etmiş və bu gün də Gəncədə yaradılmış Mirzə Şəfi muzeyində davam etdirilməkdədir. 
Azərbaycanda milli şərqşünaslıq elmi məktəbinin yaradıcısı, Sankt-Peterburq Universitetində şərqşünaslıq kafedrasının təşkilatçısı və ilk rəhbəri, Böyük Britaniya Kral Asiya Cəmiyyətinin akademiki, XIX əsrin görkəmli elm xadimi, professor Mirzə Cəfər Topçubaşov da Gəncədə anadan olmuş və ilk təhsilini burada almışdır. XIX əsrdə Gəncədə yaşamış görkəmli mütəfəkkir, Azərbaycanda milli tarix elminə dair ilk monoqrafiyanın müəllifi Şeyx İbrahim Qüdsi Şeyxzamanlı böyük Nizami Gəncəvi şəcərəsinin davamçısı olmuşdur. 
Bu dövrdə Gəncə memarlığının və dekorativ-tətbiqi sənətinin mütəxəssisləri olmuş, alim, şair və həkkak kimi tanınmış Mirzə Mehdi Naci, Şeyx Zaman öz əsərləri ilə Şərqdə böyük əks-səda doğuran şəxsiyyətlərdir. Elmi biliklərin mənbəyi olan kitabxanalardan “Dar-Əl Kütub hələ X–XI əsrlərdə fəaliyyət göstərmişdir. O dövrdə və sonradan onun təsiri ilə müxtəlif bilik ocaqları fəaliyyətlərini davam etdirmişlər. 
Artıq XX əsrin əvvəllərində qədim Gəncədə 30-dan artıq məscid-mədrəsənin fəaliyyət göstərməsinin nəticəsi idi ki, bu dövrdə elmin bir çox sahələri üzrə elmi məktəblər yaratmış görkəmli akademiklər yetişmişlər. Nəinki Azərbaycanda, dünyada ilk dəfə yaradılan Aşqarlar Kimyası İnstitutunun banisi, iki dəfə SSRİ Dövlət mükafatı və Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi olmuş, onlarca digər yüksək dövlət orden və mükafatları ilə təltif edilmiş akademik Əli Quliyev bu qədim şəhərin yetirməsi olmuş və bu gün də onun elmi məktəbi fəaliyyət göstərməkdədir. 
Ölkəmizdə energetika üzrə ilk akademik, milli elektroenergetika elmi məktəbinin yaradıcılarından biri, SSRİ-nin, Azərbaycanın və Ukraynanın Dövlət mükafatları laureatı, SSRİ-nin fəxri energetiki, professor, Əməkdar elm xadimi Çingiz Cuvarlı kimi elm fədaisinin vətənidir Gəncə. Azərbaycanda palçıq vulkanlarının ilk tədqiqatçısı və okeanologiya elmi məktəbinin yaradıcısı, bu sahədə ilk akademik Qasım Gül, Azərbaycan Milli Elmlər Akademiyasının ilk akademik-katibi, geologiya sahəsində milli məktəbin yaradıcılarından olan dünya şöhrətli alim, akademik Mirəli Qaşqay da bu möhtəşəm elm ocağının nümayəndələridir. 
Cərrahiyyə sahəsində ilk akademikimiz, cərrahiyyə üzrə ilk ikicildlik monoqrafiyanın müəllifi, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Dövlət Tibb Universitetinin rektoru olmuş Əməkdar elm xadimi Zülfüqar Məmmədov Gəncədə dünyaya gəlmiş və ilk təhsilini burada almışdır. Dünya elmində bitki morfologiyası üzrə ilk fundamental monoqrafiyanın müəllifi olan qadın akademik, çoxsaylı dövlət orden və mükafatları ilə təltif edilmiş Validə Tutayuq uzun illər Gəncədə yaşamış və Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərmişdir. Azərbaycanda yarımkeçiricilər fizikası sahəsinin yaradıcılarından biri, Əməkdar elm xadimi, akademik Maqsud Əliyevin, respublikamızda avtomatik idarəetmə sahəsində elmi nəzəriyyənin yaradıcılarından biri olan dünya miqyaslı alim, Əməkdar elm xadimi, akademik Tofiq Əliyevin məktəbi nəinki ölkəmizdə, bu gün Avropada da fəaliyyət göstərməkdədir. Gəncə şəhəri protozoologiya elmi məktəbinin banisi, uzun illər Elmlər Akademiyasının Zoologiya İnstitutun direktoru olmuş, Əməkdar elm xadimi, bir çox dövlət orden və mükafatları ilə təltif edilmiş akademik Musa Musayevin vətənidir. 
Ölkəmizdə “Kitabi-Dədə Qorqud” dastanının elmi əsaslarla ilk tədqiqatçısı, “Qorqudşünaslıq” elmi məktəbinin yaradıcısı, Nizami Gəncəvi irsinin tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının, İraq Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan və Özbəkistan respublikalarının Əməkdar elm xadimi, akademik Həmid Araslı, Azərbaycanda milli arxeologiya elmi məktəbinin yaradıcısı, Qobustan abidələrinin, Gəncə ərazisinin ilk və ən sanballı tədqiqatçısı İsaq Cəfərzadə və digər elm tariximizdə ilklərə imza atmış bir sıra dahilər Gəncədə yaşayıb-yaratmışlar. 
Ümumiyyətlə, Gəncə elmi mühitinin müxtəlif illərdə yetirdiyi Elmlər Akademiyasının müxbir və həqiqi üzvlərinin sayı 30-dan çox olmuş və bu alimlər elmin müxtəlif sahələrində çalışmış, bu gün də onların davamçıları fəaliyyət göstərməkdədir. Respublikamızın ikinci elm və mədəniyyət mərkəzi olan Gəncədə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Bölməsi, üç universitet, on elmi-tədqiqat institutu və bir elmi-təcrübə stansiyasında 1 akademik, AMEA-nın 2 müxbir üzv, 50-dən artıq elmlər doktoru, 550-dən çox fəlsəfə doktoru fəaliyyət göstərir. 
Qədim dövrlərdən etibarən Gəncə şəhəri elm və təhsil mərkəzi olduğu üçün ölkəmizdə XX əsrin əvvəllərindən etibarən ilk elmi-tədqiqat institutları olan Pambıqçılıq və İpəkçilik institutları fəaliyyətə başlamışdır. Uzun illər ərzində bu mühüm elm mərkəzlərində görkəmli alimlər tərəfindən yetişdirilmiş yüksək keyfiyyətli pambıq və ipək növləri beynəlxalq sərgilərdə, müsabiqələrdə mükafatlara layiq görülmüş və kataloqlara daxil edilmişdir. Qərb bölgəsinin çoxəsrlik elmi ənənələri, münbit təbii şəraiti və elmi potensialın mövcudluğu burada ilk dəfə olaraq Bitki Mühafizə və Texniki Bitkilər İnstitutu, Üzümçülük və Şərabçılıq İnstitutunun təcrübə stansiyasının yaradılmasına imkan vermişdir. Bu elmi-tədqiqat qurumları ilə yanaşı, ölkədə ilk və yeganə Heyvandarlıq İnstitutu da bizim regionda yaradılmış, burada qara mal və davar sortları yetişdirilmiş, dünya elminə dəyərli töhfələr vermiş görkəmli alimlər nəsli çalışmışdır. Bu elmi-tədqiqat institutlarının əsasında Gəncə şəhərində 1945-ci ildə Kənd Təsərrüfatı Elmlər Akademiyası təsis edilmişdir. 
Ulu öndər tərəfindən 4 yanvar 2003-cü ildə imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” fərmanda deyilir: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Aərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”. Bu fərman AMEA-nın Gəncə Bölməsinin də imkan və səlahiyyətlərinin daha da genişləndirilməsinə, elmi-tədqiqat və təşkilati işlərini yeni, elmi əsaslarla davam etdirilməsinə geniş imkanlar açmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev bu gün bu siyasəti uğurla davam etdirərək yeni institutların, universitetlərin yaradılması nəticəsində elm və təhsil siyasəti öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. 
Möhtərəm Prezidentimiz İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli qərarı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 institutun təmsil olunduğu Gəncə Bölməsinin təsis edilməsi Azərbaycan elminin inkişafına ölkə rəhbərinin diqqət və qayğısının göstəricisidir. Dövlət rəhbərinin 9 avqust 2016-cı il tarixli fərmanına əsasən, Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” Qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi qurumların hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin təsdiq edilməsi haqqında fərmanlarında elmin inkişafı ilə bağlı mühüm istiqamətlərin öz əksini tapması bunun bariz sübutudur. Verilən sərəncam və qərarların nəticəsidir ki, son illərdə elmimizin əldə etdiyi nailiyyətlər ilk dəfə olaraq respublikamızda keçirilmiş Azərbaycan alimlərinin I qurultayında geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır. 
Respublika tarixində ilk dəfə təşkil olunmuş elm festivalı paytaxtla yanaşı, şəhərimizdə də keçirilmişdir. Bölgələrdə əldə edilmiş mühüm elmi nailiyyətlər və onların istehsalata tətbiqi ilə bağlı stendlər təqdim olunmuş, innovativ texnologiyalar əsasında yeni elmi ixtiralar haqqında məlumatlar verilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 9 aprel 2018-ci il tarixdə imzaladığı sərəncama əsasən Elm Gününün təsis edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi Qərb regionunda olan universitet və elmi-tədqiqat institutlarında aparılan işlər haqqında hesabat xarakteri daşımaqla, həm də daha yüksək elmi nailiyyətlər üçün möhkəm təmələ çevriləcəkdir.

Fuad ƏLİYEV, 
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz