sitename
0

Əlövsət Sadıqlı:""Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman bir işə yaramadı"

Baxış: 159

Hüquq müdafiyəçisi Əlövsət Sadıqlı özünün faceboook səhifəsində Ölkə Prezidenti Cənab İlham Əliyevə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il, saat 17:55 dəqiqədə verdiyiniz fərman heç nəyə yaramadı başlıqlı müraciət ünvanlayıb.Press-az.com saytı olaraq həmin müraciəti olduğu kimi dərc edirik.


Biləsiniz ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il, saat 17:55 dəqiqədə verdiyiniz fərman, fərmandakı tövsiyələriniz heç nəyə yaramadı və əlbəttə ki, tətbiyəsi, əxlaqı, mənəviyyatı pozulmuşların tövsiyə ilə tərbiyələnməyəcəyi fərman verilməmişdən əvvəl nəzərə alınmalı idi...
Və ya bəlkə də, məhkəmə sistemində "islahatların dərinləşdirilməsi" üçün tövsiyə xarakterli fərmanlara yox, real islaharlara ehtiyac olduğunu çox yaxşı anladıqları üçündür ki, fərmanınızın verildiyi andan qüvvədən düşdüyünü qənaətindədirlər?!
...Hər bir halda, fərmandan sonra məhkəmələrdəki durumu bir faktın timsalında diqqətinizə çatdırmağı zəruri bilirəm:

06.05.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında “Gəncə işi” ilə əlaqədar həbs edilmiş bir qrup məhbusun və vəkillərin şikayəti əsasında apellyasiya məhkəməsinin ilk baxış iclası oldu.

Məhkəmə heyətinin tərkibi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Salman Hüseynov (sədr), Şamil Rzaquliyev (üzv) və İspəndiyar Şəfiyevdən (üzv) ibarət idi.

Şikayətçilər ərizələrində göstərmişdilər ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi ciddi prosessual pozuntuya yol verərək, onların ədalətli mühakimə hüququnu pozmuş, xüsusi əhəmiyyətli sübutları araşdırmadan məhz ilkin istintaqın qondarma ittihamları və polislərdən ibarət şahidlərin ifadələri əsasında ədalətsiz hökm vermişdir. Ona görə də apellyasiya məhkəməsindən xahiş etmişdilər ki, onarın işinə qismən istintaq aparılması, araşdırılmamış mühüm sübutların araşdırılması şəraitində baxılsın və vəkillər də vəsatətlərində məhkəmədən prosesin araşdırılmamış və xüsusi əhəmiyyət kəsb edən sübutların araşdırılması şəraitində keçirilməsini xahiş etdilər.
Lakin məhkəmə heyəti nə Sizin fərmanın məna və fəlsəfəsini vecinə almadı, nə şikayətçilərin, nə də vəkillərin məntiqlə rədd edilməsi mümkün olmayan tələblərini təmin etmədi və məhkəmənin qismən istintaq şəraitində keçirilməməsinə qərar verdi. Beləliklə də şərlənib həbs edilmiş məhbusların ziyanına, bilərəkdən və qərəzli şəkildə yerinə yetirməli olduğu "prosessual pozuntuları araşdırma və qiymət vermə" kimi əsas vəzifəsindən imtina etdi və dolayısı ilə apellyasiya prosesinin qəbul edəcəyi son qərarının (təmin edilməmə barədə qərarın) əvvəlcədən açıqlamasını vermiş oldu...

SUAL YARANIR: apellyasiya məhkəməsi prosessual pozuntuları, tədqiq edilməyən sübutları araşdırıb qiymət verməyəcəksə, nə iş görməlidir və onda bu instansiyaya nə ehtiyac var?

Bəs işin məzmunu və mahiyyəti nədən ibarətdir?

İttiham aktından, məhkəmə hökmündən, məhkumların və şahidlərin ifadələrindən, məhkum ailələrinin dediklərindən gəldiyim qənaəti Sizinlə bölüşürəm:

1) Məhkum Xudiyev Vüqar Mənsur oğlu dini ibadətlə məşğul olub. Deyilənə görə, məhz ibadətlə məşğul olması səbəbindən 10.07.2018-ci il tarixdə Gəncə hadisəsindən bir neçə saat əvvəl həbs olunub, aksiyada iştirak etməyib və təbii ki, həbsdə olduğu üçün, istəsə belə, mitinqdə iştirak edə bilməzdi. Lakin ona CM-nin 220.1 (Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə cinayət işi qaldırılıb və onun ixtişaş təşkil etməsi və ya bu ixtişaşda iştirak etməsi sübutlarla təsdiq edilmədiyi halda, 7 il həbs cəzasına məhkum edilib.

2) Mingəçevir sakinləri Allahverdiyev Elvin Nəriman oğlu və Nəzərov Elvin Novruz oğlu Gəncə hadisəsinin səhərisi gün qohumları (və ya dostları) Vüqar Xudiyevin həbs xəbərini eşidib ona baş çəkmək və ərzaq vermək istəyiblər. Bunun üçün Mingəçevir şəhərində Gəncəyə gedib-gəlmək üçün Məmmədov Renat Miri oğlu adlı bir taksi sürücüsü ilə danışıb qiymətləşiblər və Gəncəyə gediblər. Gəncədə polis idarəsində Vüqar Xudiyevə ərzağı vermək istəyərkən taksi sürücüsü qarışıq onların hər 3-nü həbs edib, onların da haqlarında CM-nin 220.1-ci (Zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə cinayət işi qaldırıblar. Və Gəncə Ağır Cinayətlər Məhkəməsi sürücünü 6 il, digər iki nəfəri isə 7 il azadlıqdan məhrum edib.

3) Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində hakim elan edib ki, işə ədalətlə baxacaq, bütün sübutlar, o cümlədən, video-görüntülər araşdırılacaq, kim günahkardırsa, cəzalanacaq, günahkar olmayan olacaqsa, bəraət veriləcək. Adı çəkilən məhkumlar da arxayın olublar ki, video-görüntülərdə onlar görüntülənə bilməz və azad olunacaqlar. Lakin məhkəmə görüntülərə baxış keçirməyib və yalnız ittiham tərəfinin və polislərdən ibarət şahidlərin ifadələrinə istinad edərək 4 məhkuma üst-üstə 31 il iş verib.

4) Bu biçarə məhkumlar sadəlövhcəsinə inanıblar ki, apellyasiyada ədalət bərpa olunar, video-görüntülərə baxılar və onların iğtişaşda iştirak etmədikləri sübut edilər və azad olarlar.
Təəssüf ki, apellyasiya məhkəməsi də həqiqətin meydana çıxmasını istəmədi: həqiqətin meydana çıxmasına səbəb ola biləcək vəsatətləri rədd etdi...və biçarə, günahsız məhbusların ümidləri də suya düşdü...

Beləliklə, elə bu bir epizodda məhkəmə sübut etdi ki, verdiyiniz fərman kağız parçasından başqa bir şey deyil və heç kimin vecinə də deyil...!

Cənab Prezident, bu ədalətsizliklərə etiraz olaraq, məhbus valideynləri səslərini sizlərə çatdırmaq üçün qapınıza (prezident administrasiyasının qarşısına) gəldilər. Lakin polisləriniz tərəfindən qovuldular və bir neçə nəfər də saxlanılaraq polis bölməsinə aparıldılar...
Həmçinin Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü kimi şübhə etmirəm ki, adını çəkdiyim bu 4 nəfər və bir çoxları cinayət etmədikləri halda, istintaqın tərtib etdiyi ifadələri imzalamaları tələbi ilə vəhşi rəftar və işgəncələrə, həmçinin siyasi motivli həbslərə məruz qoyulmaları və s. müvafiq səbəblərinə görə SİYASİ MƏHBUS kimi tanınacaqlar. Belə olduğu halda, hüquq-mühafizə orqanlarının və Sizin siyasi məhbusların sayının artırılmasında maraqlı görünmənizin səbəblərini (dövlət mənafeyi prioritet hesab edilirsə) anlamaq şəxsən mənə mümkün və aydın deyil...!

Və bəzi sadəlövhlər hələ də düşünür ki, prezidentin bu ədalətsizlikdən xəbəri yoxdur. Ona görə də yazdım ki, bəlkə, təsadüf və ya hansısa əlaqəsi olan məmur tərəfindən bir epizoddan ibarət, lakin məhkəmə sisteminizin mahiyyətini əks etdirən bu məlumatı diqqətinizə çatdıra bilək...

PS. Həmin qrupun məhkəməsə Bakı Apellyasiya Məhkəməsinin binasında 3-cü zalda 21.05.2019-cu il tarixdə, saat 14.30-da davam edəcək. İstənilən maraqlı şəxs iştirak edə bilər!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz