sitename
0

Saxta alkoqollu içkilərin qanunsuz dövriyyəsinə kim(lər) şərait yaradır? - PROBLEM

Baxış: 218
Saxta alkoqollu içkilərin qanunsuz dövriyyəsinə kim(lər) şərait yaradır? - PROBLEM

Hazırda həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında dükanlarda, o cümlədən iri marketlərdə satılan, kafe, restoran və şadlıq saraylarında əhalinin istifadəsinə verilən spirtli içkilərin böyük əksəriyyəti keyfiyyətsiz, saxta məhsullardır. Bu cür istifadəyə tam yararsız spirtli içkilər isə insan sağlamlığına ciddi təhlükə mənbəyi hesab olunur. Son vaxtlar ölkə ərazisində müxtəlif növ spirtli içkilərdən zəhərlənmə hadisələrinin çoxalması da məhz bununla izah edilir. Qeyd edək ki, təkcə bu ilin aprel-sentyabr aylarında keçirilən yoxlamalar zamanı 27,9 min şüşə saxta aksiz markalı, yaxud da markasız mal aşkarlanıb. Habelə, 619 min manat dəyərində nağd pula alkoqollu içkilər satan fabriklər qeydiyyata alınıb.

Konkret faktlara gəlincə, nəzərinizə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsi bir neçə gün öncə xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin ölkəyə gətirilməsinin qarşısını alıb. Belə ki, adıçəkilən şöbəyə "Vaz 2106" markalı minik avtomobilində Azərbaycanın aksiz markası ilə markalanmamış spirtli içkilərin olması barədə məlumat daxil olub. Məlumat əsasında yaradılmış müvafiq əməliyyat qrupu həmin nəqliyyat vasitəsini nəzarətə götürüb. Keçirilmiş tədbir nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil Qazax rayonunun İncəsu kəndi ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün "Qırmızı Körpü" gömrük postuna aparılıb. Baxış zamanı avtomobilin yük yerində və salonunda sellofan bağlamalarda üzərində "Nemirovskaya osobaya" yazılmış 94 ədəd 1 litrlik, üzərində "Nemiroff original" yazılan 10 ədəd, üzərində "Nemiroff delikat" yazılmış 6 ədəd və üzərində "Nemiroff Wheat" yazılmış 4 ədəd 1 litrlik şüşə qablarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.

Təbii ki, bütün bunlar Azərbaycanda alkoqollu içkilərin qanunsuz dövriyyəsinin mövcud olduğunu və bu istiqamətdə aparılan tədbirlərə rəğmən, onların sayının hələ də azalmadığını deməyə əsas verir. Qeyd edək ki, mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məhz bu qənaətdədir. Onun sözlərinə görə, şadlıq evləri və restoranlar əhalinin kütləvi zəhərlənmə yerləridir: "Xüsusən də bir çox ölkə vətəndaşlarının həsrətlə görmək istədikləri İpək yolu üzərində olan restoranlar, kafelər saxta, hardan gəldi, necə gəldi hazırlanan, evlərdə bağlanılan spirtli içkilərin satıldığı yerlərdir. Bildirim ki, əhaliyə saxta spirtli içki təqdim edən məkanlar sırasında şadlıq evləri birinci yerdə dayanır. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, hazırda sizinlə danışdığım vaxt bir nəfər vətəndaş "Venera" şadlıq evi ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət ərizəsi ilə müraciət edir. Onun ərizəsində də bu məsələlər göstərilir. Dəfələrlə bəyan etmişəm ki, adıçəkilən məkanlar kütləvi zəhərlənmə yerləridir. Çox təəssüflər olsun ki, dövlət məmurları işdən çıxıb evlərinə getdikdən sonra şadlıq evləri işə başlayır və saxta içkiləri hərəkətə gətirirlər. Təəssüf ki, qanunlar elə qurulub ki, iş vaxtı qurtarandan sonra biznes qurumlarına müdaxilə edilə bilinmir. Şadlıq evləri isə axşam saatlarında işə başlayır".

Təxminən, 2 ay öncə qeyd olunan məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə rəsmi qaydada müraciət etdiklərini deyən Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, adıçəkilən qurumdan cəld reaksiya mexanizminin yaradılması xahiş edilib: "Belə ki, Azad İstehlakçılar Birliyi olaraq Qida Təhlükəsizliyi Agentliyinə 12 təklif verdik. Onlardan biri də budur ki, elə bir mexanizm yaradılsın ki, ölkənin istənilən yerində vətəndaş təhlükəli qida ilə rastlaşdıqda, dövlət orqanı gedib həmin ərazidə yaranmış problemin, əhalini narahat edən vəziyyətin qarşısını ala bilsin. Çünki 10 dəqiqədən sonra yüzlərlə istehlakçı təhlükəli qidanın qurbanı ola bilər. Lakin təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bizə yuvarlaq və yarımçıq cavab verdi. Əfsus ki, neçə ildir bu mexanizm ölkədə yoxdur. Yəni nə təhlükəli qidanın, spirtli içkilərin geri çağırılma, nə də cəld reaksiya mexanizmləri var. Bildiyiniz kimi, Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar telefon xətti var. Qida zəhərlənmələri olduqda bu nömrəyə zəng vurmaq lazımdır. Ya siz, ya da hər hansı digər vətəndaş yoxlaya bilər, görün Qida Təhlükəsizliyi Agentliyi dərhal reaksiya verəcəkmi? 1003 telefon xəttinə tez düşmək olacaqmı?! Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurumun - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin də qaynar telefon xəttləri effektli işləmir".

Eyyub Hüseynovun fikrincə, bütün bunlar ona gətirir ki, azad bazar iqtisadiyyatından, liberal bazardan istifadə edib ölkəyə külli miqdarda təhlükəli içkilər daxil olur: "Bu tip içkilər ölkə daxilində də istehsal edilir. Qeyd edim ki, bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu ilin aprel ayında gördü. Müəyyən etdilər ki, ölkənin əmtəə bazarında külli miqdarda xarici butulkalara doldurulmuş, naməlum mayelərdən hazırlanmış təhlükəli spirtli içkilər var. Düşünürəm ki, qida təhlükəsizliyi ilə bağlı məsələnin bu kimi sektorları Daxili İşlər Nazirliyinə həvalə olunmalıdır. Çünki onlar bu sahədə çox uğurlu iş aparırlar. Ümumiyyətlə, əhali bilməlidir ki, araqların satış şəbəkəsində saxlanma müddəti 1 il, konyaklar 3 il, şərablar isə 6 aydır. O mala üstünlük versinlər ki, onun üzərində buraxılma tarixi və son yararlılıq müddəti var. Bütün hallarda istehlakçı zəhərlənərsə, təhlükəli bir qida və ya spirtli içki aşkarlayarsa Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyinə, əgər istehlakçı hüquqları pozularsa, o zaman Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət etsinlər".

"Spirtli içkilərin təxminən, 40 faizə qədəri insanlar üçün yararsız və standartlara uyğun olmayan mallardır"

Bu gün Azərbaycanın əmtəə bazarında spirtli içkilərin təxminən, 80 faizinin üzərində buraxılma tarixi və son yararlılıq müddətinin olmadığını qeyd edən Eyyub Hüseynovun sözlərinə görə, bu, o deməkdir ki, həmin məhsullar artıq ağır metallarla zənginləşmiş təhlükəli spirtli içkilərdir: "Düşünürəm ki, spirtli içkilərin təxminən, 40 faizə qədəri insanlar üçün yararsız və standartlara uyğun olmayan mallardır. Qeyd edim ki, Bakı ətrafında üzüm plantasiyası olmayan yerlərdə spirtli içkilər hazırlanır. Biz hələ neçə il öncə Kənd Təsərrüfatı Nazirliyinə təklif vermişdik ki, üzüm sahələri olmayan şərab istehsalı müəssisələrinə ümumiyyətlə lisenziya, istehsal üçün icazə verilməsin. Təəssüflər olsun ki, bu məsələ hələ də həll olunmamış qalıb. Bundan başqa, illər əvvəl nazirliyə, Azad İstehlakçılar Birliyinin və kütləvi informasiya vasitələrinin təmsil olunduğu ictimai dequstasiyanın yaradılması ilə bağlı da təklif vermişdik. Əfsus ki, köhnə nazir gizli bir dequstasiya komissiyası yaratdı, heç bir şəffaflıq təmin olunmadı. Odur ki, sizin vasitənizlə yeni kənd təsərrüfatı nazirinə müraciət edirəm ki, gəlin, açıq, şəffaf fəaliyyət göstərən, heç kəsdən rüşvət almayan, ölkə bazarının bu sektorunun sağlamlaşdırılmasına xidmət edən dequstasiya komissiyası yaradaq".
Hurriyyet.org
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz