sitename
0

Aprel döyüşçüsü- işgəncə ilə öldürüldü, bəraət aldı, ailəsi tənha qaldı...

Baxış: 1 287

 Press-az.com-un verdiyi məlumata görə, Hüquq müdafiyəçisi Oktay Gülaliyev özünün facebook səhifəsində aprel döyüşçüsü- işgəncə ilə öldürülən hərbi qulluqçunun bəraət alması barəsində şok fakt yazıb. Press-az.com saytı olaraq Hüquq müdafiyəçisi Oktay Gülalıyevin yazdığı açıqlamanı olduğu kimi təqdim edirik .

Tərtər bölgəsində 2017- ci ilin may ayında xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş daha bir həbçimizlə bağlı məlumatları təqdim edirəm;

Mirzəliyev Elçin Qulu oğlu 1985- ci ildə Ucar rayonunun Şahlıq kəndində anadan olub. Vətəni düşmənlərdən qorumaq, hərbi sahədə çalışmaq üçün həqiq hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdır. Ön cəhbədə xidmət edir. Kiçik vəzifədən məsul vəzifəyə və leytinant rütbəsinə qədər yol keçir. Tank bölüm komandiri olur. Nümunəvi və qüsursuz fəaliyyətinə görə Müdafiə Nazirliyi tərəfindən dəfələrlə müxtəlif orden və medallarla, diplomlarla təltif edilir. Dostların etimadını qazanır, kollektivdə hörmət və sayğı ilə qarşılanır...

2016- cı ilin 02 aprel döyüşlərində iştirak edir və yaralanır. Onu hərbi qospitala aparmaq istəsələr də getmir və döyüşü davam etdirir. Onun fədakarlığı və vətənpərvərliyini yüksək qiymətləndirən rəhbərlik Elçini Bakıya hərbi kursa göndərir. Rütbəsini artırırlar. Daha yüksək vəzifəyə təyin etmək üçün sənədlərini hazırlayırlar...

Amma 2017- ci ilin may ayının 7- də heç bir səbəb göstərmədən qolunu bağlayıb başına torba keçirib hərbi hissədən Marquşavana, ordan isə Tərtərdə yerləşən Müdafiə Nazirliyinə məxsus köhnə Qərargah binasına gətirirlər. Həmin binada o Fuad Ağayevin rəhbərlik etdiyi qanunsuz hərbi cinayətkar dəstə tərəfindən soğru- suala çəkilir və ağır işgəncələrə məruz qalır. Onu məcbur edirlər ki, erməni tərəfə işlədiyini və tankını düşmənə satdığına dair ifadəyə qol çəksin (!?). Məhkəmə sənədlərində və şahid ifadələrində göstərilir ki, Elçini əvvəlcə təpik, şillə, yumruqla vururlar.Daha sonra onu taxta parçası və dəmir çübuqla döyürlər. Amma o heç bir sənədə imza atmır. Bildirir ki, belə bir şey olmayıb və ola bilməz; "mən ölərəm Vətənə xəyanət etmərəm və belə biabırçılığı qəbul etmərəm". Daha sonra ona elektroşok verirlər. Başını suya salıb boğurlar. Bu variant da keçməyəndə onun dırnaqlarını çıxarıb həmin hissəni toka verirlər (!?). İşgəncənin təsirindən Elçin 2 dəfə özündən gedir və bayılır. Həkim çağırmaq və tibbi yardım göstərilməsinə imkan verilmir. Üstünə soyuq su töküb ayıldırlar. İşgəncəni davam etdirib ona qarşı insan ləyaqətini alçaldan, xüsusi qəddarlıq və amansızlıq nümayiş etdirən digər hərəkətlər edirlər. Elçin bu dəfə komaya düşür və ayılmır. Məcbur olub onu hərbi qospitala gətirirlər. May ayının 25- də qospitalda vəfat edir...

Qətlə yetirilən digər hərbçi Saleh Qafarovun dəfnində olduğu kimi Elçin Mirzəliyevi də dəfn etmək üçün kənd qəbirəstanlığını silahlı polislər və hərbçilər mühasirəyə alır. Meyidi ailə üzvlərinə, qohumlarına göstərmirlər, onunla vidalaşmasına imkan vermirlər. Meyidi klyonkaya büküb dəfn edirlər. Molla dəfn duası oxumaq istərkən Müdafiə Nazirliyinin əməkdaşları mollanın üstünə silah çəkib "vətən xainlərinə dua oxumazlar" deyə imkan vermirlər. 1 həftə qəbrə və kəndə polis nəzarət edir. Elçinə hüzr məclisi vermək də qadağan edilir (!?)...

Cinayətin miqyası böyüyür, cinayətkarlar ifşa olunur. Sonradan Elçin Mirzəliyev digər hərbçilər kimi bəraət alır. Amma onun ölümündə iştirak edənlərin böyük bir hissəsi azadlıqda qalır. Yalnız bir neçə nəfərə 6 il cəza verirlər, Fuad Ağayevə isə 10 il...

Amma Elçin Mirzəlinin ailəsi başsız, körpə qızı isə atasız qalır. Həyat yoldaşı Günay Mirzəliyeva bildirir ki, Elçinsiz yaşamaq onlar üçün çox ağırdır. Heç kim onlarla maraqlanmır. Övladı ağır xəstədir, onu müalicə etdirməyə gücü çatmır. Bu az imiş kimi onu təhdid edirlər ki, Elçini öldürənlərlə sülhə gəlin. Onlardan şikayətçi olmayın (!?); "Amma mən Elçinə görə sona qədər mübarizə aparacam. Necə olur ki, Vətən uğrunda canından keçməyə hazır olan bir zabiti işgəncə ilə öldürürlər? O, Vətən uğrunda şəhid oldu. Ona şəhid statusu verilməlidir. Mən Elçini öldürənləri bağışlamayacam. Onlara ömürlük həbs istəyirəm. Dövlət bizim səsimizi eşitsin"

Aparılan araşdırmalar və şahidlərin ifadələri onu deməyə əsas verir ki, Elçinin və digər hərbçilərin işgəncə verilməsinə general Hikmət Həsənov rəhbərlik, Şəfayət İmranov və Xanlar Vəliyev isə bu işə ümumi nəzarət ediblər (!?)...

Dostlar, indi bildinizmi niyə Ordumuz bu gündədir, biz niyə Qarabağı geri qaytara bilmirik? Vətən üçün ölməyə hazır olan zabitlərimiz 21- ci əsrin ən amansız işgəncələri ilə qətlə yetirilir. Mən ermənilərin həbçilərimizə qarşı bu qədər amansız olduqlarını xatırlamıram. Amma əsgər və zabitlərimizə qarşı bu işgəncəni edənlərin ittihamları yüngülləşdirilir və onlara yüngül cəza verilir. Bu işin başında dayanalar isə yenə öz vəzifəsini davam etdirir. Dinc, günahsız insanlarımıza qarşı növbəti cinayətlərini həyata keçirməyi gözləyirlər. Bütün bunlar az imiş kimi İlham Əliyev Müdafiə naziri Zakir Həsənovu "Şöhrət ordeni" ilə təltif edir (!?). Düşünmək və nəticə çıxarmaq üçün çox önəmli məqamardır.

Gəlin, vətənpərvər zabitlərimizin öldürülməsinə, Ordumuzun sarsıldılmasına göz yummayaq. Məsul şəxslərin məsuliyyətə cəlb olunmasına, günahkarların cəzalanmasına, zərərçəkənlərin və onların ailələrinin haqqının qorunmasına bir yerdə nail olaq!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz