sitename
0

Yalçın İmanovun yazısı: Milli faciəmiz

Baxış: 199

Ehtimal ki biz hələ də dəyərlərimizi tam istehsal edib, qurtara bilməmişik

Allah eşqinə, bu satqınlıq-qorxaqlıq, filan söhbətlərini qatlayıb bir kənara tullayın. Əvvəla, belə söz-söhbətlər adamın topuğundan da aşağıdır. Yəni, kiçik, xırda ranqlıdır, bulaşanları da yalnız sonsuz bataqlığa çəkir. Üstəlik, haqlı-haqsız, yeri gəldi-gəlmədi, insanları qaralamaqdı ki, bunda da hər hansı bir fayda, əldə ediləsi səmərə yoxdur. Və nəhayət, ən vacibi, düşüncə şablonu, klişedir və daha mühüm həqiqətləri pərdələyib, üstünü örtür, görməyə və düşünməyə imkan vermir.

Bu vacib həqiqətlərdən biri və əsası məncə budur: biz inanmadığımız dəyərlərin ardınca gedirik! Və yaxud ardınca getdiyimiz dəyərlərə tam, bütöv şəkildə, sonadək inanmırıq. Son günlərin ən çox müzakirə edilən bir şəxsi, bu yazının çap olunduğu saytın sabiq rəhbərinin atipik nümunəsində fikrimi izah etməyə çalışacam.

Emin bəy, cəmi bir neçə ay əvvələdək bu hakimiyyəti ancaq “qəddar diktatura” adlandırır (hətta sərt avtoritarizm fikrini belə yaxına buraxmırdı), onun ən idbar icra başçılarından birinə haqq etdiyi gülləni atmış idealist Yunis Səfərovun ad gününə deyilənə görə emosional bir status yazıb, təbrik də eləmişdi.

Ancaq, üstündən çox az sonra, dissident yazar qəfil “fikrinin dəyişdiyini” elan etdi, ardınca İlham Əliyevi təbrik etdi, daha sonra bununla da kifayətlənmədi, ondan niyəsə üzr dilədi və bu yaxınlara qədər “qəddar diktator” elan edib, lənətlədiyi şəxslə, onun hakimiyyəti ilə işləməyə hazır olduğunu bildirdi.

Çox qısa, ildırım sürətli cinah dəyişimi yəni. Hərçənd bildiyim qədərincə Emin Milli elə lap qədimlərdə də əks düşərgədən radikal müxalif paltformaya bu tezliklə daxil olmuşdu.

İnsanın fikrinin dəyişməsi, çox təbii, sıradan bir hadisədir. O məşhur məsəldə deyildiyi kimi, ya ölülər, ya da dəlilər fikirlərini dəyişmirlər. Amma çox qısa müddətdə ən kəskin bir qütbdən digər ən kəskin qütbə belə fikir sıçrayışı, mövqe transferi çox düşündürücüdür, mürəkkəb insan təbiətini tədqiq eləmək üçün əvəzolunmaz materialdır.

İdeya ardınca gedənin, dəyərlər izində addımlayanın qiymətləndirmə metadologiyası elə o ideyanın, dəyərlərin özündən gəlir. Yəni, münasibət düsturunu müəyyənləşdirən sahib olduğun, əxz elədiyin dünyabaxışının özüdür. Tutaq ki, sən demokratik dəyərlərə inanırsan. Bunun formulu nədir? Azad və ədalətli seçkilər, hökumət üzərində konstitusiya nəzarəti, siyasi, sosial və iqtisadi plüralizm, siyasi qrupların seçici səsini qazanmaq üçün yarışa bilmə imkanı, insan hüquqlarına hörmət və təminat, xalqın qərar vermə prosesində bilavasitə və dolayı, səmərəli iştirakı, tolerantlıq və s. və i.a. Sənin işin, ətrafında, ölkəndə baş verən hadisələrə demokratik dəyərlərin bu düsturunun zəruri əlamətlərinin işığında baxıb, müşahidələr aparmaq, nəticələr çıxarıb, mövqeyini müəyyənləşdirməkdir. Bu yanaşmanı tətbiq edəndə, deyək ki, bir fərmanla 51, yaxud 52-mi siyasi məhbusun birdəfəyə azadlığa buraxılması faktı səni həyacanlandırıb, avantür və çoxmənalı təşəkkürə məcbur etmir. Çünki ideya mənbəyin, dəyərlər və inanc qaynağın, onun dərindən dərk edilmiş əlamətləri buna imkan vermir. Hadisələr bu qaynağın fonunda ciddi nəyinsə baş verdiyini qətiyyətlə inkar, rədd edir. Hansı ki Emin bəydə deyilənlərə görə hər şey elə bu fərmandan başlamışdı.

Altını cızmaq və vurğulamaq istədiyim budur ki, dəyərlərin təşviq etdiyi qiymətləndirmə metodologiyası olanda, münasibət də stabil və davamlı, düzxətli olur. Bu olmayanda isə yayğın və kəskin mövqe yerdəyişmələri, ziqzaqlı və bərrayı nümunələr qaçılmazdır.

Mən Emin Milli hadisəsinə ardınca getdiyimiz dəyərlərə ya inanmamağımızın və yaxud da lazımınca inanmamağımızın təbii, qaçılmaz nəticəsi və yekunu kimi baxıram. Görünür, biz dəyərlər sistemimizi hələ də tam şəkildə təsəvvür edib, mənimsəyib, onun iyerarxiyasını qura bilməmişik. Ehtimal ki biz hələ də dəyərlərimizi tam istehsal edib, qurtara bilməmişik.

Bu, tək bir nəfərin faciəsi deyil. Hamımızın, hər birimizin, bütövlükdə isə Azərbaycan cəmiyyətinin faciəsidir. Ortaqlıqda sayqsız-hesabsız nümunələrimiz var. Ardınca qoşduğun dəyərlərə inanmayanda, ya da lazımi qədər inanmayanda göylərin hiddəti qaçılmaz olur. Necə ki, indi cəmiyyət olaraq o hiddəti, o qəzəbi üzərimizdə hiss edirik.

Ya zəlzələdən, ya vəlvələdən, ya macərapərəstlikdən, ya da daşıya bilməyəcəyimiz işə, qaldıra bilməyəcəyimiz yükə girişdiyimizdən, ölkəmizdə çox parlaq ideyalar çox adamları özünə cəlb eləyib, cəzb eləyib, sonra da həyatını məhv elədi, irili-xırdalı insan dramları yaratdı.

Öz çəkisindən qat-qat ağır yükü sifariş verib, altında qalan idmançı misalı kimi bir şey.

Belə də, bizə cəmiyyətlə, ətrafımızla, ən vacibi isə özümüzlə münasibətlərimizin haqq-hesabını aparmaq, ayırd eləmək və nəhayət, imkan olsa təmizlənib, durulmaq qalır. Bu mənada, Emin bəyin, tənhalığa çəkilməsi bu istedadlı insanın özü üçün bugünün və üzümüzə açılacaq sabahların ən doğru addımıdır, məncə. Yoxsa biz ömrüböyu heç vaxt müəyyən edə bilməyəcəyik ki, əsl Emin Milli hansıydı: Elmar Vəliyevə güllə atan idealisti milli qəhrəman elan edən, yoxsa “əgər real iqtisadi islahatlara getsə” İlham Əliyevlə, onun hökumətiylə işləməyə hazır olduğunu bildirən?

Əminəm ki, biz özümüzlə olan münaqişəmizi həll edib, içimizdə qayda-qanun yarada bilsək, böyüyəcəyik, işdi-şayət bu, baş versə, ətrafımız da böyüyəcək, nəticədə fərəhsiz, işığı az ölkəmiz də yəqin bu böyümədən, bu daxili harmoniyadan nəsə öz payını, qismətini alacaq.

Azərbaycan cəmiyyəti nehrə kimi çalxalanmalıdır ki, onun yağı yağ üstünə çıxsın!

Azərbacan toplumu bir an dayanıb, dərin-dərin (qara-qara yox ha) düşünməlidir ki, bu düşüncələrin rəngi, dadı-duzu onun üz-gözünə çıxa bilsin!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz